Azərbaycana 36 sm hündürlüyündə qar yağdı

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti faktiki hava şəraiti ilə bağlı məlumat yayıb.

Azərbaycana 36 sm hündürlüyündə qar yağdı

Nazirlikdən Intime.az verilən məlumata görə, fevralın 7-də axşam soyuq arktik hava cərəyanlarının Aralıq dənizi və Türkiyədən  ölkə ərazisinə tədricən yayılması nəticəsində hava şəraiti dəyişib. 

Havanın temperaturu ötən günlə müqayisədə 18 dərəcə aşağı enib.  Əgər dünən paytaxtda 22-25 dərəcə isti olubsa, (bütün meteoroloji müşahidələrə görə 2002-ci ildə son dəfə 23 dərəcə olub) fevralın 8-də səhər saatlarında 7 dərəcə isti qeydə alınıb.

Saat 12.00-a olan məlumata görə fevralın 08-i səhərədək Xaltan, Qırızda, Sarıbaşda 6 mm, Xınalıqda 5 mm,  Ağdərədə 4 mm, Gədəbəydə 2 mm, Daşkəsəndə 1 mm miqdarında qar yağıb. Qar örtüyünün hündürlüyü Ağdərədə 36 sm, Sarıbaşda (Qax) 21 sm,  Qrızda 13 sm, Xınalıqda 12 sm, Xaltanda 2 sm olub.

Qubada 9 mm, Ordubadda 7 mm, Qusar 6 mm, Göygöldə 5 mm, İsmayıllı, Kürdəmir, Lerikdə 4 mm, Naxçıvan, Şahbuz, Şamaxı, Beyləqan, Kişçay (Şəki), Şabranda 3 mm, , Ağdam, Balakən, Qəbələ, Zaqatala, Altıağac, Tərtər, Bərdə, Göyçay, Zərdab, İmişli, Ağsuda 2 mm, Bakı, Sumqayıt, Şərur, Ağstafa, Mərəzə, Şəki, Gəncə, Mingəçevir, Sabirabad, Neftçala, Cəfərxanda 1 mm yağış qeydə alınıb.

Qərb küləyi arabir Daşkəsəndə 28 m/s, Tovuzda 24 m/s, Salyan, Tərtərdə 23 m/s, Naftalan, Ağstafa, Bərdədə 20 m/s, Astara, Qrızda 18 m/s, Hacıqabulda 16 m/s, Abşeron yarımadasında və Abşeron dəniz rayonunda 16-20 m/s, arabir  23 m/s-dək güclənib. 

Gözlənildiyi kimi, fevralın 8-də proses davam edərək, ayın 9-u  və 10-da daha da əlverişsiz və kəskin olacaq, havanın temperaturu 0-a yaxınlaşacaq, gecə isə 1-4 dərəcə şaxta olacaq, yağış sulu qara, qara keçəcək, külək  daha güclü olacaq.