Mərkəzi Bank ötən ili zərərlə başa vurub

Azərbaycan Mərkəzi Bankının (AMB) cəmi aktivləri bu il yanvarın 1-nə 22 068,979 mln. manat təşkil edib.

Mərkəzi Bank ötən ili zərərlə başa vurub

Intime.az qurumun maliyyə hesabatına istinadən xəbər verir ki, bu, ötən il yanvarın 1-i ilə müqayisədə 2,5% azdır.

AMB-nin aktivlərinin 16 337,898 mln. manatını borc qiymətli kağızları (1 il bundan əvvəl olmayıb), 4 894,585 mln. manatını pul vəsaitləri və onların ekvivalentləri (illik müqayisədə 9,2% az), 361,778 mln. manatını Beynəlxalq Valyuta Fondu ilə hesablaşmalar (2,4% az), 310,867 mln. manatını isə banklara verilmiş kreditlər (22,45% az) təşkil edib.

2018-ci ildə AMB-nin cəmi öhdəlikləri 2,8% azalaraq 17 611,517 mln. manat, o cümlədən dövriyyədə olan əskinaslar və sikkələr 2,75% artaraq 8 364,129 mln. manat, rezident bankların qısamüddətli depozitləri 23% azalaraq 3 378,509 mln. manat, kredit təşkilatları qarşısında öhdəliklər 36,8% artaraq 2 832,777 mln. manat, hökumət idarələri qarşısında öhdəliklər 5,7% artaraq 1 617,684 mln. manat, buraxılmış borc qiytmətli kağızlar isə 9,2% artaraq 1 005,552 mln. manat, qurumun cəmi kapitalı isə 1,2% azalaraq 4 457,462 mln. manat olub.

Ötən il AMB-nin faiz gəlirləri 201,228 mln. manat (əvvəlki ilə nisbətən 26,5% çox), faiz xərcləri 301,045 mln. manat (6,7% çox), haqq və komissiya gəlirləri 16,378 mln. manat (15,9% çox), haqq və komissiya xərcləri 4,765 mln. manat (23,1% çox), restrukturizasiya edilmiş kreditlərin ədalətli dəyərdə tanınması üzrə zərəri 3,08 mln. manat (89,7% az), ticarət qiymətli kağızlarının yenidən qiymətləndirilməsi üzrə xalis zərəri 2,729 mln. manat (əvvəlki il gəlir olub), satış üçün mövcud olan qiymətli kağızların realizasiyası üzrə xalis gəliri 47,37 mln. manat (əvvəlki il olmayıb), törəmə maliyyə alətlərinin yenidən qiymətləndirilməsi üzrə xalis gəliri 23,492 mln. manat (əvvəlki il zərər olub), likvidlik fondlarının vəsaitlərinin yenidən qiymətləndirilməsi üzrə xalis gəliri 11,394 mln. manat (əvvəlki il olmayıb), xarici valyuta mövqeyinin yenidən qiymətləndirilməsi üzrə zərəri 52,334 mln. manat (74,35% az), qiymətli kağızların dəyərsizləşməsi üzrə zərəri 153 min manat (əvvəlki il olmayıb), xarici valyuta əməliyyatları üzrə xalis gəliri 1,05 mln. manat (73,7% az), sair əməliyyat gəliri 8,641 mln. manat (3,5 dəfə çox), dəyərsizləşmə üzrə gəliri 60,347 mln. manat (əvvəlki il xərc olub), inzibati və sair əməliyyat xərcləri isə 66,11 mln. manat (2,4% çox) təşkil edib. Son nəticədə qurum 2018-ci ili 60,316 mln. manat zərərlə başa vurub. Halbuki, AMB 2017-ci ildən 3 513,453 mln. manat mənfəətlə çıxmışdı. (report.az)