Moskva Dövlət Beynəlxalq Əlaqələr Universiteti qəbul elan edib

2019/2020-ci tədris ili üçün Rusiya Federasiyası Xarici İşlər Nazirliyinin Moskva Dövlət Beynəlxalq Əlaqələr Universitetinə (MDBƏİ) Azərbaycan vətəndaşları üçün tələbə qəbulu elan edilib.

Moskva Dövlət Beynəlxalq Əlaqələr Universiteti qəbul elan edib

Dövlət İmtahan Mərkəzindən (DİM) Intime.az-ya verilən məlumata görə, Rusiya Federasiyası Xarici İşlər Nazirliyinin Moskva Dövlət Beynəlxalq Əlaqələr Universitetində Azərbaycan vətəndaşlarının təhsil alması üçün 3 yer ayrılıb.

Müsabiqədə iştirak etmək istəyən abituriyentlər 29 aprel – 8 may tarixlərində (şənbə və bazar günləri istisna olmaqla)  DİM-də təşkil edilmiş Sənəd Qəbulu Komissiyasında (SQK) qeydiyyatdan keçməlidirlər.

Müsabiqədə iştirak etmək hüququna 2019-cu il mayın 8-dək 19 yaşı tamam olmayan, DİM-də ayrıca qəbul imtahanı verən, attestat qiymətləri (cari ilin məzunlarının birinci yarım il üzrə qiymətləri) 4 və 5 olan Azərbaycan Respublikasının vətəndaşları malikdirlər.

Ali təhsil müəssisəsi tələbəsi və ya məzunu olan şəxslər bu müsabiqədə iştirak etmək hüququna malik deyillər.

Müsabiqədə iştirak etmək istəyənlər üçün DİM tərəfindən mayın 11-də ayrıca qəbul imtahanı (rus dilində) keçiriləcək. Beynəlxalq münasibətlər, regionşünaslıq, iqtisadiyyat ixtisasları üzrə müsabiqədə iştirak etmək istəyən abituriyentlər rus dili, riyaziyyat, Azərbaycan tarixi, coğrafiya və xarici dil fənləri üzrə, hüquqşünaslıq, jurnalistika, reklam və ictimaiyyətlə əlaqələr ixtisasları üzrə müsabiqədə iştirak etmək istəyənlər isə rus dili, ədəbiyyat, riyaziyyat, tarix, xarici dil fənlərindən qəbul imtahanı verməlidirlər.

Test imtahanı nəticəsində 500 və daha yüksək bal toplamış, xarici dil fənnindən nisbi balı 50-dən az olmayan abituriyentlər müsahibəyə buraxılırlar. 

Müsahibə 13 – 14 mayda DİM-də təşkil olunacaq. Müsahibədə abituriyentlərin ümumi dünyagörüşü yoxlanacaq.

Müsabiqədə ən yüksək nəticə göstərən 3 nəfərin namizədliyi MDBƏİ-yə ödənişsiz təhsil forması üzrə təhsil alması üçün təqdim olunacaq. 

İkinci mərhələ MDBƏİ tərəfindən Moskva şəhərində 5 və 9 iyulda keçiriləcək. Bu mərhələdə abituriyentlərin seçdikləri fakültədən asılı olmayaraq rus və əlavə bir xarici dil üzrə müsabiqədən kənar test imtahanında iştirak etməlidirlər.

İkinci mərhələ imtahanının məzmunu, nümunə tapşırıqları və digər zəruri məlumatları www.mgimo.ru saytından əldə etmək olar.