Parisdən Bakıya qəfil zəng: Qərbin Qarabağda müharibə təlaşı güclənir

Xarici işlər nazirlərinin Cenevrə görüşü ərəfəsində Makronun İlham Əliyevə etdiyi telefon zənginin motivi; həmsədrlər Paşinyana qəzəbləndi; Fransa prezidenti isə erməniləri məyus etdi: “Separatçı rejimlə Fransa şəhərlərinin qardaşlaşması hüquqi cəhətdən mümkün deyil...”

Parisdən Bakıya qəfil zəng: Qərbin Qarabağda müharibə təlaşı güclənir

Yanvarın 29-da Fransa prezidenti Emmanuel Makron Azərbaycan prezidenti İlham Əliyevə telefonla zəng edib. “Yeni Müsavat” Azərbaycan Prezidentinin mətbuat xidmətinə istinadən xəbər verir ki, söhbət zamanı ikitərəfli münasibətlərin müxtəlif aspektləri müzakirə edilib, hər iki tərəf əlaqələrin inkişafından məmnun olduqlarını bildirib, iqtisadi sahədə əməkdaşlığın genişləndiyi vurğulanıb.

Dövlət başçıları Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı məsələləri müzakirə ediblər. Prezident İlham Əliyev münaqişənin nizama salınması ilə bağlı Azərbaycan dövlətinin mövqeyini bir daha Fransa prezidentinə çatdırıb. Telefon danışığı zamanı həmçinin regional təhlükəsizlik məsələləri ilə bağlı fikir mübadiləsi aparılıb.

*****

Qeyd edək ki, Makronun Bakıya zəngi Cenevrədə Azərbaycan və Ermənistan xarici işlər nazirləri - Elmar Məmmədyarov və Zoqrab Mnatsakanyanın görüşdüyü günə təsadüf edib. Yeri gəlmişkən, nazirlərin ATƏT-in Minsk Qrupu həmsədrlərinin iştirakı ilə budəfəki görüşü ilk dəfə olaraq bir gün yox, iki gün çəkib. Yanvarın 29-da baş tutan birinci görüş 7 saat sürüb. Dünən də eyni formatda saatlarla müzakirə aparılıb. Yazı hazırlanarkən sülh danışıqları davam edirdi.      

Fransa liderinin görüş ərəfəsi İrəvana deyil, məhz Bakıya telefon açması, həm də bu aspektdən diqqət çəkir. Çünki dinc nizamlama üçün heç bir şans qoymayan işğalçı tərəfin xüsusilə də Cenevrə danışıqları ərəfəsində bəyan etdiyi olduqca radikal, maksimalist mövqeyi açıq-aşkar müharibəyə çağırış anlamına gəlir və Azərbaycana gücə əl atmaqdan savayı yol saxlamır.

Xatırladaq ki, Nilkol Paşinaynın ötən həftəsonu Qafanda keçirdiyi mətbuat konfransı zamanı açıqladığı və “Madrid prinsipləri”nə əsaslandığı deyilən həll variantına separatçı rejimin təmsilçiləri sərt reaksiya verərək, hətta Dağlıq Qarabağ ətrafındakı ərazilərdən belə, bir qarışının qaytarılmayacağını bildiriblər. Üstəlik, separatçılar Bakının “dqr”in “müstəqilliyini” həmin ərazilərlə birgə tanımalı olduğunu tələb ediblər. Halbuki" ilkin mərhələdə 5 rayonun qaytarılmasını və Dağlıq Qarabağa aralıq statusun verilməsini nəzərdə tutan “Madrid prinsipləri” onsuz da Azərbaycanı qane eləmir və Bakı ona bir sıra düzəlişlər təklif eləmişdi.

*****

Yaranmış durumda Azərbaycanın öz ərazi bütövlüyünü bərpa eləmək üçün mənasız danışıqlara son qoyub gücə əl atmasını əngəlləyən heç nə qalmır. Müharibə yolu ilə işğalçını öz ərazisindən qovmaq - Bakının Qarabağa dair beynəlxalq sənədlərdə, BMT Nizamnaməsində əksini tapmış müstəsna hüququdur. Doğrudur, Azərbaycan hazırda seçki dövrünü yaşayır. Lakin 10 gündən sonra parlament seçkiləri arxada qalacaq. Qarşıdakı 5 il ərzində isə (2025-ci il) Azərbaycanda heç bir iri seçki gözlənilmir. Demək, uzağı, bu yazdan etibarən ölkə bütün potensialını və diqqətini Dağlıq Qarabağ məsələsinə yönəldə biləcək.

Görünür, Qərbi, o sırada onun aparıcı dövlətlərindən olan Fransanı narahat edən ən kritik məqam da budur - böyük müharibənin başlama riski. Odur ki, il başlayan kimi rəsmi Paris nizamlama prosesinə təkan vermək üçün hərəkətə keçmiş kimi görünür. Hərçənd əsas hədəf yəqin ki, real sülh prosesinin getdiyi görüntüsü yaradıb Bakını radikal addımlardan çıkindirməkdir. Çünki müharibə Qərbin regiondakı maraqlarına da ciddi təhdid yaradacaq.   

O da maraqlıdır ki, İlham Əliyevə telefon zəngi etdiyi gün Makronun Fransadakı erməni təşkilatlarının koordinasiya Şurasının illik şam yeməyində iştirak və çıxış etdiyi xəbəri yayılıb. “Fransa Minsk Qrupu çərçivəsində Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında öz rolunu oynayır və sülh danışıqlarının davam etdirilməsinin əsas təminatçılarından biridir”. Bunu Fransa prezidenti erməni diasporunun təmsilçiləri ilə görüşdə söyləyib.

Fransa dövlət başçısı qeyd edib ki, Azərbaycan prezidenti İlham Əliyev və Ermənistan baş naziri Nikol Paşinyanla təmasdadır və Azərbaycan prezidenti ilə Ermənistan baş naziri arasında operativ əlaqənin təmin edilməsi təmas xəttində gərginliyin azaldılmasına dair mühüm addımlardan biridir.

“Nizamlanmamış Dağlıq Qarabağ problemi - Avropada inam və təhlükəsizlik arxitekturasının irəli getməsi yolunda əngəldir”. Bunu da Makron görüşdə deyib. Onun sözlərinə görə, Azərbaycanda fevralın əvvəlinə nəzərdə tutulan seçkilərin Qarabağ məsələsinə pozitiv təsiri ola bilər və artıq yazda bu məsələdə müəyyən irəliləyiş gözləmək olar.

Fransa lideri həmçinin işğal altındakı Dağlıq Qarabağ və Fransanın şəhərləri arasında imzalanmış və daha sonra Bakının diplomatik səyləri nəticəsində məhkəmələr tərəfindən ləğv olunmuş “qardaşlıq müqavilələri” haqda da danışıb. Lakin erməniləri məyus edib. “Yalançı olardım əgər bəyan etsəm ki, burada problem yoxdur. Problem var. Çünki hüquqi cəhətdən bu, mümkün deyil”, - deyə Makron vurğulayıb və əlavə edib ki, Dağlıq Qarabağdakı separatçı qurumu hətta heç Ermənistan da tanımayıb.

*****

Bu arada Nikol Paşinyanın ötən həftəsonu Qarabağ mövzusunda etdiyi çıxışı və ritorikasının həmsədrlərdə ciddi narahatlıq doğurduğu bildirilir. “Yeni Müsavat” erməni qaynaqlarına istinadən xəbər verir ki, Paşinyanın həmin mətbuat konfransında Qarabağa dair sülh prosesi ilə bağlı izhar elədiyi yanaşmalar və mətbuatdan sitatlar Minsk Qrupu həmsədrlərini bərk əsəbləşdirib. Bu barədə “168 jam” qəzeti öz mənbələrinə istinadən yazıb.

“Onlar Nikol Paşinyanın bu addımını Minsk Qrupunun strategiyasına uyğun gəlməyən növbəti özfəaliyyət kimi qiymətləndiriblər. Bizim mənbəmiz  deyir ki, Paşinyanın ifadələri ilə bağlı həmsədrlər Cenevrədə Mnatsakanyanla çox sərt danışıblar”, - deyə nəşr yazıb.

Bu da heç şübhəsiz, erməni tərəfinin özfəaliyyəti nəticəsində müharibə riskinin heç vaxt olmadığı qədər artmasından yana üç həmsədr dövlətin güclənən təlaşını göstərir. Lakin müharibədən yayınmağın ən etibarlı yolu çoxdan bəlli - Azərbaycan torpaqlarının işğaldan azad olunması prosesində real irəliləyiş. 2020 bu xüsusda dönüş ili olacaqmı? Əfsus ki, hələlik böyük müharibə üçün daha çox əsas var, nəinki böyük sülh üçün... / Musavat.com

Loading...