“Qarşıda bizi çətin dövr gözləyə bilər” - NƏZAKƏT MƏMMƏDOVA

“Erməni əsilli məmurların Rusiya siyasi elitasında yer tutması Qarabağ münaqişəsinin həllinin bizim xeyrimizə olmaması üçün ciddi təşviş yaradır.”

“Qarşıda bizi çətin dövr gözləyə bilər” - NƏZAKƏT MƏMMƏDOVA

Bunu Intime.az-a politoloq Nəzakət Məmmədova Rusiyada idarəçilik sistemində aparılan dəyişikliyin region üçün və xüsusilə Azərbaycan üçün nələr vəd edəcəyindən danışarkən deyib.

O, bildirib ki, Qarabağ məsələsi elə sovetlər zamanından Kremldəki ermənilər ucbatından başlayıb və bu günədək də gördüyümüz vəziyyətdə davam edir:

“SSRİ-nin son illərində Şahnazaryan, Ambartsumyan kimilərinin Qorbaçova təsiri olmasaydı, Qarabağ məsələsi başlamazdı. Hər bir erməni dünyanın harasında olursa-olsun, öz milli kimliyini unutmur və dünya erməniliyinin müəyyənləşdirdiyi strategiyaya xidmət edir. Rusiya xarici işlər naziri Sergey Lavrov təcrübəsi  də bizim üçün acı sınaq oldu. Hörmətli Tofiq müəllim dediyi kimi yeni baş nazir də doğurdan da ermənidirsə, onun da Azərbaycana münasibətinin müsbət olacağını söyləmək çətindir. Qarşıda bizi çətin dövr gözləyə bilər. Amma hər zaman çıxış yolu var - Qərblə yaxınlaşmaq, Rusiyadan asılılığı azaltmaq. Biz xüsusilə son dövrlərdə Rusiyadan xeyli asılı olmuşuq. Bu, yaxşı hal deyil. Avropa Palamentinin yaxın günlərdə qəbul etdiyi sənəd bu baxımdan əhəmiyyətlidir və Azərbaycan yaranmış imkanlardan maksimum istifadə etməlidir.”

“Doğrudur, siyasi elitada ermənilərin olub-olmamasından asılı olmayaraq Rusiya Ermənistanı hər zaman dəstəkləyib. Qriboyedov ermənilərin İrandan Rusiyaya köçürülməsi haqda müqaviləyə imza atanda da, Pyotr ermənilərə qayğı göstərmək haqda vəsiyyət edəndə də hələ ermənilər çarın ətrafına daraşmamışdılar. Onlar həmin dövrdə Qafqazda zəif idilər, nəinki Osmanlıda. Erməniləri dəstəkləmək Rusiyanın imperiya maraqlarının ayrılmaz tərkib hissəsidir. Burada geosiyasi amillərlə yanaşı, din faktoru da var. Amma hər bir halda Rusiya siyasi elitasında təmsil olunmaq onlara qərarvermə hüququ və imkanları yaradıb ki, bu da bizim üçün birbaşa təhdiddir” - deyə, Nəzakət Məmmədova əlavə edib.

Bildirək ki, Azərbaycanın sabiq xarici işlər naziri Tofiq Zülfüqarov da şəxsi “Facebook” hesabında Rusiyanın Baş Nazir postuna gətirilən Mixail Mişustin etnik erməni olduğunu bildirib: “Rusiya əhalisinin 0,89 %-ni ermənilər təşkil edir. Əgər M.Mişustin Baş nazir olarsa və S. Lavrov Xarici İşlər Naziri postunu saxlayacaqsa, onda hökumətdə iki etnik erməni olacaq.”