Sabah 18 dərəcə şaxta olacaq

Sabah ölkə ərazisində gözlənilən hava şəraiti ilə bağlı məlumat açıqlanıb.

Sabah 18 dərəcə şaxta olacaq


Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Intime.az-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında bəzi yerlərdə az qar yağacağı, gündüz dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Arabir güclənən şimal-qərb küləyi günün ikinci yarısında mülayim cənub küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 0-4° şaxta, gündüz 2-5° isti, Bakıda gecə 1-3° şaxta, gündüz 2-4° isti olacaq.

Atmosfer təzyiqi normadan yüksək - 770 mm civə sütunundan 763 mm civə sütununa enəcək. Nisbi rütubət gecə 65-75%, gündüz 50-60% olacaq.

Fevralın 11-də Abşeron yarımadasında arabir güclənən xəzri küləyinin günün ikinci yarısında mülayim gilavar küləyi ilə əvəz olunacağı və nisbətən soyuq temperatur diskomfortu gözlənilir ki, bu da bəzi meteohəssas insanlarda narahatlıq hissi yarada bilər.

Azərbaycanın rayonlarında əsasən yağmursuz. Lakin gecə və səhər bəzi cənub rayonlarında qar yağacağı gözlənilir.

Ayrı-ayrı yerlərdə duman olacaq. Mülayim qərb küləyi əsəcək. Havanın temperaturu gecə 5-10° şaxta, gündüz 2-7° isti, dağlarda gecə 13-18° şaxta, gündüz 1-6° şaxta olacaq. Yollar buz bağlayacaq.