SON DƏQİQƏ: Rusiyada hökumət istefaya getdi

Rusiya hökuməti istefa verib.

SON DƏQİQƏ: Rusiyada hökumət istefaya getdi

Intime.az TASS-a istinadən xəbər verir ki, bu barədə Rusiyanın Baş Naziri Dmitri Medvedev bildirib.

D. Medvedev qeyd edib ki, Prezidentin Konstitusiyaya dəyişikliklər təklifi fonunda hökumətin hazırkı tərkibində istefaya getməsini düzgün hesab edir.   

“Bu dəyişikliklər qəbul olunanda – çox güman ki, bu, müzakirələrdən sonra olacaq – təkcə Konstitusiyanın xeyli maddəsində deyil, bütövlükdə hakimiyyət balansında – icra, qanunvericilik, məhkəmə hakimiyyətində də dəyişikliklər baş verəcək. Bu kontekstdə aydındır ki, biz Rusiya Federasiyanın hökuməti kimi ölkə Prezidentinə bütün mümkün qərarları qəbul etmək imkanı yaratmalıyıq. Hesab edirəm ki, bu şəraitdə Rusiya Konstitusiyasının 117-ci maddəsinə uyğun olaraq Rusiya Federasiyasının hökumətinin hazırkı tərkibdə istefaya getməsi daha doğru olardı”, - deyə D. Medvedev vurğulayıb. 

Rusiya Prezidenti Vladimir Putin isə Medvedev hökumətinə fəaliyyətinə görə təşəkkür edib. O, hökumətin istefa verən üzvlərinin hər biri ilə görüşəcəyini bildirib. Lakin, hələlik onların öz vəzifələrini icra etməsini xahiş edib.

Buna qədər Rusiya prezidenti Federal Məclisə göndərdiyi müraciətdə Dövlət Dumasına yalnız koordinasiya etməyi deyil, həm də baş nazirin namizədliyini təsdiqləməyi təklif etmişdi. Bu da siyasi sistemi ciddi şəkildə dəyişdirəcək, eyni zamanda təmsilçi və icra hakimiyyəti orqanları arasında qarşılıqlı əlaqəni daha səmərəli edəcək.

Qeyd edək ki, Rusiya Prezidenti Vladimir Putin Federal Məclisə illik müraciətində ölkə Konstitusiyasına dəyişikliklər və bununla bağlı ümumxalq səsverməsinin keçirilməsini təklif edib.

Rusiya dövlət başçısının Konstitusiyaya bağlı dəyişikliklər təklifinə əsasən, ölkə prezident respublikası olaraq qalır, lakin idarə sistemində parlamentin rolu artırılır, məşvərətçi orqan olan Dövlət Şurası dəyişikliklərdən sonra konstitusional orqan olacaq. Bütün bunların 2024-cü ildə Rusiyada keçiriləcək növbəti prezident seçkilərinə kimi həyata keçirilməsi ehtimal olunur.

Bu dəyişikliklərin fonunda hökumət istefaya getməli olub.