Yeni Ombudsman çağrı mərkəzi yaradır

“Ombudsman institutu öz fəaliyyətini insanların mənafeyi əsasında davam etdirir”

Yeni Ombudsman çağrı mərkəzi yaradır

Intime.az xəbər verir ki, Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva Modern.az-a müsahibə verib.

- Səbinə xanım, bildiyimiz qədər İnsan Hüquqları üzrə Müvəkkil seçiləndən sonra ilk müsahibəni Modern.az-a verirsiniz. Öncə Sizi bir daha təbrik edirik... 

- Çox sağ olun, təşəkkür edirəm!

- Cənab Prezident Ombudsman vəzifəsinə namizədliyinizi verməklə Sizə etimad göstərib. Bunu necə dəyərləndirirsiz?

- Əlbəttə, bu, olduqca böyük etimaddır. Buna görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə bir daha dərin minnətdarlığımı bildirirəm. Bu etimadı doğrultmaq üçün üzərimə düşən vəzifəni layiqincə yerinə yetirməyə çalışacağam. Dövlətimizin başçısı hər zaman bütün qurumların öz işlərini vətəndaşların maraqları və mənafeyi əsasında qurmalarının zəruriliyindən bəhs edir. O səbəbdən digər funksional təsisatlar kimi Ombudsman institutu da bu çağırış və tövsiyəni əsas götürərək öz fəaliyyətini bəhs olunan prinsiplər əsasında davam etdirəcək.

- Yeni Ombudsman olaraq qarşıdakı hədəfləriniz nədən ibarət olacaq?

- Bilirsiniz ki, Ombudsman təsisatının fəaliyyətinin strateji xətti - əsas istiqaməti insan hüquqları pozuntularının qarşısının alınması, pozulmuş hüquqlar və azadlıqların bərpası, habelə maarifləndirmə işlərinin gücləndirilməsi ilə bağlıdır. Hüquq mədəniyyətinin aşılanması, əhalinin həssas qruplarının diqqət mərkəzində saxlanılması da fəaliyyətimizdə xüsusi yer tutur. Qurumun fəaliyyətinin səmərəliliyini təmin etmək, eləcə də Aparatın Gəncə, Şəki, Cəlilabad və Quba rayonlarında yerləşən dörd Regional Mərkəzin işini daha da gücləndirmək istiqamətində məqsədyönlü tədbirlər ardıcıl - davamlı xarakter daşıyır. Digər mühüm bir məqama toxunmaq istəyirəm. Belə ki, Ombudsmanın əhalinin müxtəlif qrupları üzrə müşavirləri var. İctimai əsaslarla əməkdaşlar sırasından təyin edilən həmin müşavirlər öz işləri ilə Ombudsmanın bu sahədə fəaliyyətini əlaqələndirirlər. Ümumilikdə, qarşıdakı dövrdə Aparatın və Regional Mərkəzlərin əməkdaşlarının iştirakı ilə hazırlanmış fəaliyyət planı çərçivəsində operativ və effektiv tədbirlər həyata keçirəcəyik. Əsas hədəflərimizdən biri isə 2020-ci ildə çağrı mərkəzinin yaradılmasıdır.

- Çağrı Mərkəzinin yaranma zərurəti varmı?

- Bəli, bu, obyektiv reallıqlardan qaynaqlanan zərurətdir. Bu günə qədər ayrılıqda iki “Qaynar xətt” fəaliyyət göstərib. Bunların biri uşaq hüquqları, digəri isə işgəncələrin qarşısının alınması ilə bağlıdır. Məqsəd bu iki qaynar xətti bir çağrı mərkəzində birləşdirmək, müraciətlərin təhlilinə imkan verən və müasir çağırışlara uyğun bir mərkəz yaratmaqdır.

- Ombudsmanın vəzifəsi birbaşa insanların hüquqları ilə yaxından maraqlanmaq, edilən müraciətləri dəqiqliklə yoxlamaqdır. Sizə edilən müraciətləri oxuyub araşdırmaqda çətinliklər olurmu?

- Hər bir müraciətə ciddi yanaşılır, hərtərəfli araşdırma aparılır. Heç bir müraciət diqqətdən kənarda qalmır. Ümumilikdə, Ombudsmana daxil olan bütün müraciətlər qanunda göstərilən müddətdə araşdırılır, səlahiyyətimizə aid olmadıqda qanuna əsaslanaraq konkret cavab verilir. Səlahiyyətimizə aid olduqda isə icraata götürülür, müvafiq tədbirlər həyata keçirilir. Ünvanlanan hər bir məktuba ayrıca nəzər yetirirəm. Əlbəttə, bizə cəzaçəkmə müəssisələrindən də müraciətlər daxil olur. İnsanların öz iradəsi ilə tərk edə bilmədiyi müəssisələrə başçəkmələr həyata keçiririk. Bu müəssisələrin – uşaq evləri, internat məktəbləri, ahıllar evi, ruhi xəstəxanalar, hərbi hissələr, eləcə də cəzaçəkmə müəssisələrinin hər birində olur və monitorinqlər aparırıq. Yəni insanların müraciətləri daim diqqət mərkəzində saxlanılır, müvafiq addımlar atılır. - Beynəlxalq sahədə işinizi necə qurmağı düşünürsünüz? - Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili təsisatı 17 ildən artıqdır ki, fəaliyyət göstərir. Bu müddət ərzində olduqca müsbət təcrübə əldə olunub, fəaliyyətimiz istər ölkə daxilində, istərsə də respublikanın hüdudlarından kənarda uğurla davam edib. Bu müsbət təcrübə əməkdaşlıq etdiyimiz və bütövlükdə bir çox beynəlxalq təşkilatlar tərəfindən də yüksək qiymətləndirilir, müsbət nümunə kimi səciyyələndirilir. İndi qarşıdakı hədəf beynəlxalq əlaqələri daha da inkişaf etdirməklə yanaşı, qarşıya qoyulmuş vəzifələr və müəyyən olunmuş strateji xarakterli hədəflər fonunda işləri təkmilləşdirmək, yeni və müasir dövrün çağırışlarına uyğun formada davam etdirməkdir. Ombudsman təsisatı beynəlxalq əlaqələrini uğurla davam etdirir. Bilirsiniz ki, ötən il ölkəmizdə Ombudsmanların XVI Bakı Beynəlxalq konfransı keçirildi. Ümumiyyətlə, belə tədbirlər xarici ölkə Ombudsmanlarının nümayəndələrinin və beynəlxalq ekspertlərin ölkəmizdə insan hüquqlarının vəziyyəti ilə tanış olmalarına imkan verməklə yanaşı, həm də Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasına əlavə töhfə verir. Buna misal olaraq deyə bilərəm ki, Moldovanın Ombudsmanı Aurelia Qriqoriu 2013-cü ildə Ombudsmanların XI Bakı Beynəlxalq Konfransında iştirak etdikdən iki həftə sonra Ermənistan parlamentində keçirilən Ümumavropa konfransında “Dondurulmuş münaqişə zonalarında insan hüquqlarının qorunması” adlı məruzə ilə çıxışında Ermənistanın Azərbaycan torpaqlarının 20 faizini işğal etdiyini və azərbaycanlılara qarşı soyqırımı törətdiyini, habelə Xocalı soyqırımının ermənilər tərəfindən həyata keçirildiyini, bunun beynəlxalq ictimaiyyətin tanıdığı fakt olduğunu bildirmişdi. Həmin Ombudsman dəfələrlə ölkəmizdə olub, insan hüquqlarının vəziyyətini, qonşu ölkədən fərqli olaraq Azərbaycanda multikultural və tolerant mühiti, müxtəlif xalqların nümayəndələrinin mehriban birgəyaşayaşını görüb, bütün bu müsbət reallıqları beynəlxalq ictimaiyyətin diqqətinə çatdırıb. Bununla yanaşı, Müvəkkil institutu Beynəlxalq Ombudsmanlar İnstitutunın, Asiya Ombudsmanlar Assosiasiyasının, Milli İnsan Hüquqları İnstitutlarının Qlobal Alyansının, Milli İnsan Hüquqları İnstitutlarının Avropa Şəbəkəsinin, İslam Əməkdaşlıq Təşkilatının Ombudsmanlar Assosiasiyasının və Uşaq Hüquqları Ombudsmanlarının Avropa Şəbəkəsinin üzvüdür. Azərbaycan Ombudsmanı 2019-cu il də növbəti dəfə Asiya Ombudsmanı Assosiasiyasının vitse-prezidenti seçilib. Bu, bizə beynəlxalq müstəvidə mötəbər platformadan istifadə edərək ölkəmizin maraqlarını müdafiə etməyə, həqiqətləri dünya ictimaiyyətinin diqqətinə çatdırmağa imkan verir.

- Erməni girovluğunda saxlanılan Dilqəm Əsgərov və Şahbaz Quliyevlə bağlı məsələni 2020-ci ildə xarici təşkilatlara müraciət etməyi düşünürsüzmü?

- Bu məsələ hazırda təkcə əsirlikdə olan deyil, eyni zamanda, əsir olub geri qayıdanları da əhatə edir. Biz bu barədə mütəmadi olaraq beynəlxalq təşkilatlara məlumatlar veririk, müraciətlərimiz davamlı xarakter daşıyır. Həmin təşkilatların nümayəndələri ilə görüşlər zamanı bu məsələlərin diqqət mərkəzində saxlanılmasının vacibliyini bildirirəm. Ümumiyyətlə, Dilqəm Əsgərov və Şahbaz Quliyevlə bağlı səlahiyyətimiz çərçivəsində tədbirlərimizi davam etdirəcəyik. Bu il də girovlarımızla bağlı müraciətlərimizi davam etdirmək nəzərdə tutulub. BMT-nin ölkəmizdəki rezident əlaqələndiricisi, BMT-nin Uşaq Fondunun (UNICEF), Beynəlxalq Miqrasiya Təşkilatının ölkəmizdəki rəhbərləri, Türkiyənin Azərbaycandakı səfiri ilə təsisatda keçirdiyim görüşlər zamanı torpaqlarımızın işğal olunmasını, qaçqın və məcburi köçkünlərin hüquqlarının pozulmasını, o cümlədən Dilqəm Əsgərov və Şahbaz Quliyevin, Suriyada çətin vəziyyətdə qalmış azyaşlı azərbaycanlı uşaqların məsələsini diqqətə çatdırmışam. Bütün rəsmi görüşlərdə sadaladıqlarım məsələlər, həmçinin BMT-nin Azərbaycan ərazilərinin işğaldan qeyd-şərtsiz azad olunması ilə əlaqədar qəbul edilmiş və yerinə yetirilməyən 4 qətnaməsi prioritet məsələlərdir. Bu il də bu görüşlər və müzakirələri davam etdirəcəyik.